Azərbaycan-Avropa İttifaqı

Ümumi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranmışdır. 1996-cı ildə imzalanmış  Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Həmin dövrdən etibarən Aİ-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlamışdır. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir. 8 iyul 2014-cü il tarixindən etibarən Herbert Salber bu vəzifəni tutur.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir. 

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanmışdır. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Protokol 6 iyul 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.   

Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə əsassız və qərəzli qətnamələrin qəbul edilməsi AR Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxması, həmçinin Avropa Parlamenti ilə ikitərəfli dialoqunun dayandırılması haqda qərar qəbul etməsi ilə nəticələnmişdir. Lakin, Avropa Parlamentinin müraciətinə əsasən Azərbaycan Aİ ilə əməkdaşlığının parlamentlərarası ölçüsünün tam bərpasına razılıq vermişdir. 2016-cı ilin sentyabrında Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir.

2015-ci ilin may ayında Şərq Tərəfdaşlığı üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Aİ-yə təqdim etmişdir. Azərbaycan və Aİ sözügedən Saziş layihəsi üzrə ilkin məsləhətləşmələri uğurla başa vurmudur və Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat vermişdir.    

Ticarət, sərmayə və iqtisadi əlaqələr

Azərbaycan və Aİ arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. 2016-cı ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37,12 % (4.730 milyard ABŞ dolları) təşkil etmişdir. Aİ Azərbaycanın ixracda 45.87% idxalda isə 27.89% payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı əsasən neft və qaz olmuşdur (ümumi ixracın 98%).

Azərbaycanın Aİ ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolları, 30.5%), Almaniya (768.70 million ABŞ dolları, 16.25%) və Böyük Britaniyadır (449,71 million ABŞ dolları, 9.5%).

2014-cü ilin fevral ayınadək Azərbaycan məhsullarının Aİ bazarına güzəştli tariflərlə idxalına şərait yaradan Ümumiləşdirilmiş Ticarət Üstünlükləri (GSP) rejimindən faydalanmışdır. Azərbaycan Dünya Bankı tərəfindən 3 il ard-arda yüksək səviyyəli orta gəlirli ölkələr qrupu kateqoriyasında təsnifləşdirildiyindən Aİ-nin 18 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan GSP ölkələri siyahısından çıxarılmışdır.

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin və rifahına artırılmasına maneçilik törədir. Aİ 2003-cü ildən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vasitəsilə bölgədəki ölkələrlə müvafiq iş və dialoqunu davam etdirir. Bu xüsusda, münaqişənin həllinin asanlaşdırılması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləmək və tamamlamaq xüsusi nümayəndə Herbert Salberin mandatı kimi Aİ tərəfindən müəyyən edilmişdir.

Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir. Aİ və onun üzv ölkələri Dağlıq Qarabağı tanımır.

Enerji sahəsində əməkdaşlıq

Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.

2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi. 

Azərbaycan-Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdır. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən Şah Dəniz-2 yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarı ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaqdır. Nəhəng Şah Dəniz-2 yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edəcəkdir.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsində iştirak edən tərəflər arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədilə Azərbaycan Cənub Qaz Dəhlizi üzrə Məsləhət Şurasını təsis etmişdir. Məsləhət Şurasının iclası ildə bir dəfə keçirilir və onun işinə həmçinin, beynəlxalq maliyyə qurumları və müvafiq şirkətlər cəlb olunur. Aİ tərəfindən iclaslarda Enerji İttifaqı üzrə komissar, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç iştirak edir. Məsləhət Şurasının sonuncu 29 fevral 2016-cı il tarixində Bakı şəhərində keçirilmiş sonuncu iclasında həmçinin, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini iştirak etmişdir. İclas iştirakçıları mətbuat üçün birgə bəyanat imzalamışdır.     

 Yerdəyişmə və asanlaşdırılmış səfərlər

Azərbaycan və Aİ 2013-cü ilin dekabr ayında Yerdəyişmə Tərəfdaşlığı üzrə Birgə Bəyannamə imzalamışdır. Yerdəyişmə Tərəfdaşlığı insanların hərəkətinin effektiv şəkildə idarəolunması məqsədilə bir sıra dialoq və əməkdaşlıq sahələrini müəyyən etmişdir. 1 sentyabr 2014-cü il tarixindən qüvvədə olan Vizaların sadələşdirilməsi və Readmissiya Sazişləri miqrasiya sahəsində digər vacib əməkdaşlıq alətlərindəndir. Vizaların sadələşdirilməsi haqqında Saziş Azərbaycan və Aİ vətəndaşlarının daha asan şəkildə və qısa vaxt ərzində, aşağı rüsum ödəməklə səfər vizalarının alınmasına şərait yaradır.

İnkişaf əməkdaşlığı

1991-ci ildən 2006-cı ilədək Aİ-nin Azərbaycana yardımları MDB ölkələrinə texniki əməkdaşlıq (TACİS) proqramı çərçivəsində həyata keçirilmişdir. TACİS institusional, hüquqi və inzibati islahatların aparılması, bazar iqtisadiyyatına keçid dövrünün sosial nəticələrinin aradan qaldırılması, yoxsulluğun azaldılması məqsədlərinə yönəldilmişdir. Növbəti illərdə Aİ yardımları Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (ENPI) vasitəsilə həyata keçirilməyə başlanılmışdır. 2007-2013-cü illərdə Azərbaycan üzrə Strateji Maliyyələşmə Sənədi Aİ-nin ENPI çərçivəsində maliyyə yardımı paketini ehtiva etmişdir. Bu 2007-2010 və 2011-2013-cü illər üzrə Milli İndikativ Proqramla müşayiət olunmuşdur. 2007-2015-ci illərdə Aİ-nin Azərbaycana ayırdığı ikitərəfli yardımın həcmi 179 milyon avro təşkil etmişdir.

Hal-hazırda 2014-2020-ci illər üzrə Aİ-nin yardımları Avropa Qonşuluq Aləti (ENİ) üzrə davam etdirilir. ENİ çərçivəsində illik maliyyə yardımları hər il Azərbaycanla imzalanan Fəaliyyət Proqramları vasitəsilə həyata keçirilir. 2014-2017-ci illər üzrə maliyyə yardımının əsas istiqamətləri – (1) regionların və kənd yerlərinin inkişafı, (2) ədliyyə sahəsində islahatlar, (3) təhsil və bacarıqların inkişafı prioritetlərinə yönəldilmişdir.

Aİ-nin Azərbaycanla ikitərəfli əməkdaşlığının strateji çərçivəsi, əsas nəticələri və indikativ maliyyə ayırmaları 2014-2017-ci illər üzrə Vahid Dəstək Çərçivəsi sənədində müəyyən olunmuşdur. Azərbaycan eyni zamanda, ENİ çərçivəsində həyata keçirilən regional layihələrdə, o cümlədən enerji, nəqliyyat, trans-sərhəd əməkdaşlıq və s. iştirak hüququna malikdir.   

ENİ ilə yanaşı Aİ-nin, Demokratiya və İnsan Hüquqları üçün Avropa Aləti, Sabitlik və Sülhə töhfə Aləti, Vətəndaş Cəmiyyəti Təşkilatları və Yerli idarəetmə orqanları, İnsan inkişafı, Miqrasiya və Sığınacaq tematik proqramları üzrə maliyyələşdirmə alətləri də mövcuddur. 

Təhsil sahəsində əməkdaşlıq: Erasmus+

Aİ-nin Erasmus+ proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Erasmus+ proqramı Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ üzv ölkələrinin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. 2015-ci ildə Azərbaycandan təxminən 250 tələbə və müəllim heyəti bu proqram çərçivəsində Avropada olmuş, 85 Avropalı tələbə və müəllim Azərbaycana gəlmişdir. Bundan əlavə, Erasmus+ ali təhsilin inkişafı və müasirləşdirilməsi məqsədilə bacarıqların artırılması layihələrini həyata keçirir. Azərbaycan institutlarının həmçinin, Aİ tədqiqatları sahəsində araşdırma və tədrisi təşviq edən “Jean Monnet” proqramına çıxışı mövcuddur. Azərbaycan Aİ tərəfindən “Marie Skladowska-Curie” təşəbbüsü çərçivəsində birgə doktorluq dərəcəsi proqramlarında iştiraka dəvət olunur.    

 



[1] AR İqtisadİyyat Nazirliyinin məlumatları

 

 

Tərcümeyi-hal



FUAD ELDAR OĞLU İSGƏNDƏROV


Doğulduğu tarix və yer: 6 avqust 1961-cı il, Bakı, Azərbaycan


 Təhsil və təlim proqramları:

1978-1983

Bakalavr - Beynəlxalq iqtisadi münasibitlər / İngilis dili üzrə tərcümə, Beynəlxalq münasibətlər və beynəlxal hüquq institutu, Kiyev Milli Universiteti

1999 (noyabr)

Böhranların idarə edilməsi üzrə ixtisasartırma təlim proqramı, Beynəlxalq Hüquq-Mühafizə Akademiyası, Budapeşt, Macarıstan

2001 (may-iyun)

2002 (iyul) 

Qara Dəniz ixtisasartırma proqramı, C.F. Kennedi İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ

Qanunvericilik üzrə ixtisasartırma kursları, ABŞ Dövlət Departamenti, ABŞ Ədliyyə Departamenti

2006 (yanvar)

Milli Hərbi Strategiya üzrə Seminar, Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi 

 İş təcrübəsi

1986-1995

Hərbi xidmət

1995-2002

İnformasiya və təhlil idarəsinin rəisi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

2002-2006 

Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini

2006-2007 

Xüsusi tapşırıqlar üzrə səfir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi                                   Yunesko üzrə Azərbaycan Milli Komissiyasının baş katibi

2007-2012

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat yanında daimi nümayəndəsi

 

2012- indiyədək Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri


Tədris və elmi fəaliyyət

1983-1986

Aspirant və dosent, Siyasi iqtisadiyyat kafedrası, Azərbaycan Dövlət Universiteti 

1984-1985 

Mühazirəçi, Tərcümə nəzərriyyəsi kafedrası, Azərbaycan Dillər Universiteti 

2000-2003

Mühazirəçi, Beynəlxalq münasibətlər kafedrası, Beynəlxal münasibətlər və beynəlxalq hüquq fakultəsi, Bakı Dövlət Universiteti

   
Ailə vəziyyəti:

Evlidir, bir oğlu və bir qızı var

 

Xarici dillər Rus, ingilis, türk

 

PDF versiyası